Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə məlumatı Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara jurnalistlərə açıqlamasında verib.
“ABŞ Prezidenti Donald Tramp Yaponiyaya dəvət olunub. Onun səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir,” – deyə Kihara bildirib.
Məlumata görə, Tramp səfər çərçivəsində Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə danışıqlar aparacaq, həmçinin İmperator Naruhito tərəfindən qəbul ediləcək.
Yaponiya hökuməti bu səfərin ikitərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Bu, Donald Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq.
