Bakı. Trend:
Rabitəyə və dayanıqlı inkişafa investisiya qoyuluşu Gürcüstanın yürütdüyü siyasətə tam uyğun gəlir.
Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumunun açılış mərasimində bildirib.
“Bu forumun məhz Gürcüstanda keçirilməsi - tarixən Şərq və Qərb sivilizasiyaları arasında birləşdirici körpü rolunu oynamış ölkədə keçirilməsi simvolikdir. Əsrlər boyu bizim torpaqlarımızdan keçən Böyük İpək Yolu təkcə ticarət marşrutu deyil, həm də mədəniyyətin, ideyaların və tərəqqinin yolu olub”, - deyə Kobaxidze qeyd edib.
Baş nazir vurğulayıb ki, forumun mövzusu - “Rabitəyə və dayanıqlı inkişafa investisiyalar” - Gürcüstanın dövlət siyasətinə tam uyğun gəlir. “Qlobal dəyişikliklər dövründə, yeni çağırışlar və imkanlarla üz-üzə qaldığımız bir zamanda, tarixi İpək Yolunun strateji əhəmiyyəti tamamilə yeni məzmun qazanır”, deyə o bildirib.
Kobaxidze xüsusilə Gürcüstanın strateji tərəfdaşlarla əməkdaşlığını və iri infrastruktur layihələrinin - limanların, nəqliyyat dəhlizlərinin, rəqəmsal və enerji magistrallarının həyata keçirilməsini vurğulayıb. “Bütün bunlar biznes üçün unikal imkanlar yaradır. Bu gün rabitə sadəcə fiziki infrastrukturdan daha çox məna daşıyır. Rabitə artıq anlayış deyil , o, qlobal inkişafı müəyyənləşdirən reallığa çevrilib”, - deyə baş nazir qeyd edib.,
O, həmçinin Tbilisidə keçirilən ilk maliyyə sammitini alqışlayaraq bildirib ki, bu tədbir “paytaxtımızı regionda maliyyə və texnoloji innovasiyalar mərkəzi kimi mövqeləndirən yeni və mühüm mərhələni simvolizə edir”.
“Son on ildə Tbilisi “İpək Yolu” Forumu siyasət və biznes arasında etibarlı körpüyə çevrilib. Burada sonradan real layihələrə çevrilmiş çoxsaylı təşəbbüslər ərsəyə gəlib”, - deyə Kobaxidze əlavə edib.