Bakı. Trend:
Britaniyanın lüks avtomobil istehsalçısı olan “Jaguar Land Rover” avtokonserni kiberhücumlar ucbatından 1,9 milyar funt sterlinq dəyərində aktivindən məhrum olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İri miqyaslı haker hücumu nəticəsində şirkətin bütün Böyük Britaniya ərazisində olan zavodları və tədarükçüləri beş həftə müddətinə fəaliyyətini dayandırıb. İlkin hesablamalara görə, kiberhücumdan dəyən ziyan 2 milyard funt sterlinqə yaxındır.
Lüks avtomobillərin istehsal prosesinin bərpa olunmayacağı təqdirdə şirkətin itkilərinin daha böyük olacağı bildirilir.
“Jaguar Land Rover”ə qarşı hücum Britaniya tarixində iqtisadi baxımdan ən dağıdıcı kiberinsident olub. Ümumilikdə beş mindən çox britaniyalı müəssisə və təşkilat bu hadisədən zərər görüb. Avtokonsernin Britaniya bölmələrində 34 min nəfər işləyir, şirkətin idarə etdiyi ölkənin avtomobil sektorundakı ən böyük təchizat zənciri isə təxminən 120 min əməkdaşı birləşdirir.
Böhranla mübarizə aparmaq üçün hökumət şirkətə cari xərclər üçün 1,5 milyard funt (iki milyard dollar) həcmində kredit zəmanəti verib.