Bakı. Trend:
Azərbaycan infrastrukturu təkmilləşdirməklə və transsərhəd əməliyyatları optimallaşdırmaqla Orta Dəhlizin potensialından maksimum istifadə etmək üçün çalışır.
Trend xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumunda deyib.
“Biz Qazaxıstandakı və xüsusilə Gürcüstandakı tərəfdaşlarımızla sıx əməkdaşlıq etmişik və mövcud infrastrukturun tam gücü ilə istifadəsini təmin etdiklərinə görə onlara minnətdaram”, – deyə nazir bildirib.
O, 2022-ci ildən etibarən yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb:
“Ərazimizdən keçən yüklərin həcmi demək olar ki, beş dəfə artıb. Konteyner daşımalarına gəlincə, 2023-cü ildə Çindən cəmi bir və ya iki blok qatarımız var idi. Keçən il bu rəqəm demək olar ki, 280-ə yüksəldi, cari ilin ilk doqquz ayında isə bu rəqəmi 290-a çatdırdıq. İlin sonuna qədər təxminən 400 konteyner qatarının olacağını gözləyirik və bu da son hədd deyil”.
R.Nəbiyev səyahət vaxtının azaldılmasının vacibliyini də qeyd edib:
“Biz başladığımız vaxtda qatarın Çin-Qazaxıstan sərhədindən Poti və Batumi limanlarına çatması üçün təxminən 53 gün lazım idi. İndi bu müddəti 15–18 günə endirməyə nail olmuşuq, lakin bu da son deyil. Brüsseldəki həmkarlarımız bu müddətin təxminən 14 günə qədər azaldılmasının tam mümkün olduğunu qeyd ediblər və biz də buna inanırıq”.
Nazir marşrut boyunca mövcud olan boşluqların müəyyən edilməsi və aradan qaldırılması üçün görülən son birgə səylərdən danışıb:
“Avqust ayında biz Gürcüstan və Qazaxıstan dəmir yolları ilə birlikdə dəhliz layihəsi üzərində işlədik. Marşrutun - Qazaxıstan sərhədindən tutmuş Poti və Batumi limanlarına, eləcə də Axalkələkdəki terminalımıza qədər olan hissəsinin auditi üçün konsaltinq şirkəti cəlb etdik. Bu, həm infrastruktur, həm də bürokratik maneələri müəyyən etməyə imkan verdi. Sentyabr ayında isə 2028-ci ilə qədər həyata keçirilməli konkret fəaliyyət bəndlərini əhatə edən yol xəritəsini imzaladıq.”