Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Avropa İttifaqının və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Avropa regionunda heyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclası keçirilir.
Trend xəbər verir ki, tədbirin əsas məqsədi sözügedən platforma üzrə 2024–2026-cı illər üçün nəzərdə tutulmuş 4-cü Fəaliyyət Planının əvvəlki iclaslarda qəbul edilmiş qərarlarının icrasını nəzərdən keçirmək və növbəti fəaliyyət planının prioritetlərini müəyyənləşdirməkdir.
AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva regionda heyvan rifahı sahəsində milli və beynəlxalq aktorları bir araya gətirmək baxımından iclasın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Agentlik həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində intensiv işlər aparılır.
AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi, ÜHST-nin Avropa üzrə Regional Komissiyanın vitse-prezidenti Qalib Əbdüləliyev Azərbaycanda vahid sağlamlıq tədbirləri, heyvanların rifahı sahəsində görülən işlər barədə məlumat verib.
Q.Əbdüləliyev qeyd edib ki, görülən işlərin nəticəsində ölkəmiz 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.
ÜHST-nin Parisdə yerləşən Baş Qərargahı, Brüsseldə və Tokioda yerləşən regional ofisi, Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğunun əməkdaşları və Portuqaliya, İtaliya, İsrail, İsveçrə Konfederasiyasının nümayəndələrinin iştirak etdiyi iclasda heyvanların kəsilməsi, sahibsiz itlərin populyasiyasının idarə edilməsi, heyvanların nəqli, təbii fəlakətlərin idarə edilməsi və işlək atkimilərin rifahı kimi məsələlər müzakirə olunur.