Bakı. Trend:
Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən "PeşəFest-2025"in yekun tədbiri keçirilib.
Trend xəbər
verir ki, “Baku Crystal Hall”da “Peşə öyrən, gələcəyini qur!”
devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə
seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım
atmalarını təmin etmək olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev,
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı
direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə
Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbər
şəxslər, yeniyetmə və gənclər iştirak ediblər.
Anar Əliyev 2022-ci ildən təşkil olunan “Peşələr festivalı”nın
gənclərin düzgün peşə seçiminə və əmək bazarına hazırlıqlı daxil
olmalarına dəstək məqsədi daşıdığını diqqətə çatdırıb. Nazir 160
mindən çox gəncin bu tədbirlərə qatılaraq müxtəlif peşələr üzrə
əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları
barədə praktiki məlumatlar əldə etdiyini bildirib.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü
sosial siyasətin vətəndaş rifahının təminatına xidmət etdiyini,
eyni zamanda insan kapitalının inkişaf etdirilməsinin bu siyasətin
əsas istiqamətlərindən olduğunu qeyd edib. Bildirib ki,
“PeşəFest”də iştirak edən gənclər bu platforma vasitəsilə əmək
bazarında aktual trendlərlə tanış olmaq, müxtəlif peşələr üzrə
mütəxəssislərlə birbaşa ünsiyyət və gələcək karyera planlarını
qurmaq imkanı əldə ediblər.
Bu ilin 9 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 371 min
nəfərin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğu, işçi
qüvvəsinin rəqabət qabiliyyətinin artırılması sahəsində aparılan
işlər, 1500-dən çox peşə və kvalifikasiya standartınınhazırlanaraq
işəgötürənlərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. İşğaldan
azad edilən ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı
işləri də qeyd edilib, onlardan iqtisadi fəal olanların 6108
nəfərinin məşğulluğunun təmin edildiyi bildirilib.
Digər çıxışçılar gənclər üçün düzgün peşə seçiminin vacibliyini,
“PeşəFest”in bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını qeyd
ediblər. Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktual
peşələr üzrə zəruri bacarıqlar və karyera imkanlarına dair praktiki
məlumatlara yiyələnməsində, öz maraq və bacarıqlarını aşkara
çıxarmalarında bu interaktiv layihənin önəmindən bəhs ediblər.
Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib,
təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib,
peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar. Festival musiqi
qruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlı
viktorinalarla davam edib.
Qeyd edək ki, “PeşəFest-2025” layihəsinə ötən ay Astarada başlanıb.
Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş,
Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə, 10 rayon və
paytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb.
Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk,
3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı,
dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı,
xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici
tədbirlər təşkil olunub.
İştirakçılar festivalda bu peşə sahələri üzrə inkişaf etməyin
yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı
məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı
qazanıblar.