Ağdam. Trend:
Hesab edirəm ki, Azərbaycanda son illər baş verən hadisələr bir ölkənin ümumi məqsəd naminə səyləri birləşdirməklə nələrə nail ola biləcəyinin əla nümunəsidir.
Trend xəbər verir ki, bunu Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə Almaniyadan olan səyyah Karl Kupfner deyib.
“Bu mənim Azərbaycana ilk səfərimidir və mən belə qısa müddət ərzində gördüklərimdən çox təsirlənmişəm. Ölkə haqqında daha çox öyrənmək, ələlxüsus da sizin qonqaqpərvərliyi qiymətləndirmək üçün burada bir neçə gün keçirmək fürsətini səbirsizliklə gözləyirəm”, - deyə səyyah vurğulayıb.
Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “Extreme Traveler International Congress” (ETIC – Beynəlxalq Ekstremal Səyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlik edir.
Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrə iki günlük avtomobil səyahəti planlaşdırır.
Azad olunmuş ərazilərin black tourism (“qara turizm”) çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpa işlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalq səyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci belə səfərdir.