Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpasına dövlət büdcəsindən 2,9 milyard manat xərclənib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun 2,235 milyard manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə sərf edilib.
Dövr ərzində infrastruktur layihələri üzrə avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1,525 milyard manat, yeni yaşayış komplekslərinin tikintisinə 461,1 milyon manat, dəmir yolu xətlərinin tikintisinə 107,3 milyon manat, elektrik təchizatı işlərinə 48 milyon manat, su xətləri, kollektorlər və qurğularına 44,3 milyon manat, sənaye parkları və infrastruktura 27,7 milyon manat, geoloji kəşfiyyat işlərinə 7,1 milyon manat, Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat, digər zəruri işlərə 7,6 milyon manat yönəldilib.
Eyni zamanda hesabat dövrü ərzində dövlət büdcəsinin digər xərc maddələri üzrə 328,7 milyon manat nəqliyyat sektoruna, 4,7 milyon manat isə məskunlaşma və şəhərsalma-arxitektura işlərinə sərf edilib.