Bakı. Trend:
Oktyabrın 21-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 35-ci yubiley iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, MDB prokurorluq orqanlarının rəhbər şəxsərinin iştirak etdiyi iclasda ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev, Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadədən ibarət nümayəndə heyəti təmsil edib.
Baş prokurorunun birinci müavini tədbirdə “Azərbaycan Respublikasında ekoloji təhlükəsizliyin təmin olunmasında prokurroluğun rolu: təcrübə və prioritetlər” mövzusunda çıxış edib.
Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi ekoloji təhlükəsizliyin qorunması və möhkəmləndirilməsinə dair siyasəti də uğurla davam etdirirlərək bu sahə beynəlxalq səviyyəyə qaldırılıb. COP29-un Bakıda keçirilməsinin Azərbaycanın qlobal ekoloji proseslərdə fəal rolunu nümayiş etdirməsi də çıxışda qeyd olunub.
Həmçinin, çıxış zamanı Baş Prokurorluq tərəfindən yaradılmış ECOLEAD platformasının ekoloji cinayətlərlə mübarizə və təbiətə vurulan ziyanın bərpasındakı rolundan bəhs olunub.
Bundan başqa, tədbir çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 35-ci yubiley iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.
Səfər zamanı Elçin Məmmədovla Tacikistanın Baş prokuroru Habibullo Vohidzoda ilə görüşüb.
Görüşdə Azərbaycan və Tacikistan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin tarixi köklərə və ümumi dəyərlərə söykənməsi qeyd olunub.
Bundan əlavə, nümayəndə heyətinin üzvü Babək Zakirzadə səfər çərçivəsində Tacikistan Slavyan universitetinin Hüquq fakültəsinin tələbələrinə “ Azərbaycan Prokurorluğu: Konstitusion statusu və fəaliyyət istiqamətləri” mövzusunda mühazirə deyib.
Mühazirədə tələbələrə Azərbaycan Prokurorluğunun tarixi, konstitusion statusu və müasir fəaliyyəti barədə məlumat verilib.