Bakı. Trend:
Almaniyanın Şkopau şəhərində Zəfər Günü münasibətilə beynəlxalq səviyyəli boks turniri keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks klubunun və Şkopau şəhərinin “Der MSV BUNA” idman qurumunun birgə təşkilatçılığı ilə baş tutan turnirdə 100-ə qədər yeniyetmə və uşaq idmançı öz gücünü sınayıb.
Klubun Azərbaycan bayrağı altında rinqə çıxan boksçuları Timur Batçayev, Lukas Kirxner və Feysale Lebenda turnirin qaliblərindən olub.
“Odlar Yurdu” Boks klubunun rəhbəri, peşəkar boks üzrə dünya çempionu Azad Əzizov Zəfər Günü münasibətilə idman yarışlarının təşkilinin gözəl bir ənənə olduğunu söyləyib. Göstərdikləri dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycanın Almaniyadakı Səfirliyinə təşəkkürünü bildirib.