Bakı. Trend:
Ukrayna və Rusiya arasında iyunun 20-də hərbi əsirlərin növbəti genişmiqyaslı mübadiləsi həyata keçirilib. Mübadilə nəticəsində sağlamlıq vəziyyəti ağır olan və yaralanmış çox sayda ukraynalı hərbçi azad olunaraq vətənə qayıdıb.
Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında məlumat verib.
“Bu gün azad olunan hərbçilərin əksəriyyəti iki ildən artıqdır Rusiya əsirliyində olublar. Nəhayət, onlar evlərinə dönürlər”, – deyə Zelenski bildirib.
Azad edilənlər arasında Mariupol, Donetsk, Luqansk, Zaporojye, Xerson, Xarkov və Çerniqov vilayətlərində döyüşmüş hərbçilər var. Onların sırasına Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Terrora Qarşı Müdafiə Qüvvələri, Desant-Hücum Qüvvələri, pilotsuz uçuş aparatları üzrə bölmələr, eləcə də Sərhəd Xidməti və Milli Qvardiyanın əsgər və çavuş heyəti daxildir.
Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının məlumatına görə, azad olunan hərbçilərin hamısı müxtəlif dərəcəli ağır yaralanmalar və ciddi tibbi diaqnozlarla üzləşiblər. Onlarda epilepsiya, yüksək qan təzyiqi, ürək xəstəlikləri, görmə zəifliyi, dayaq-hərəkət sistemi pozuntuları, yırtıqlar və xroniki həzm problemləri kimi xəstəliklər müşahidə olunub. Bir çoxunda kəskin arıqlama da qeydə alınıb.
Qərargah qeyd edib ki, əsir mübadiləsi prosesi davam edir və azad edilənlərin dəqiq sayı yalnız proses tam yekunlaşdıqdan sonra açıqlanacaq.