Bakı. Trend:
“Baku ID 2025” texnoloji forumu çərçivəsində Türkiyə hökumətinin ən perspektivli təşəbbüslərindən biri - “Türkiye Tech Visa” proqramı barədə informasiya təqdim olunub.
Trend xəbər verir ki, tədbir iştirakçılarına bu dövlət platformasının startaplar, mühəndislər, IT mütəxəssisləri və texnoloji sahibkarlar üçün Türkiyənin dinamik ekosisteminə inteqrasiya baxımından yaratdığı imkanlar barədə danışılıb.
“Türkiye Tech Visa” proqramı dünyanın müxtəlif ölkələrindən istedadlı mütəxəssisləri və innovativ şirkətləri cəlb etməyə yönəlmiş özəl dəvət təşəbbüsüdür. Bu proqram Türkiyənin özünü regionun aparıcı texnologiya mərkəzlərindən birinə çevirmə strategiyasının tərkib hissəsi kimi istifadəyə verilib.
Proqram çərçivəsində bir sıra üstünlüklər nəzərdə tutulur: məhz bu təşəbbüs çərçivəsində verilən üçillik əmək icazəsi, ailə üzvləri üçün yaşayış icazəsinin sadələşdirilmiş qaydada əldə olunması, gəlir və korporativ vergilərdən tam azadolma, pulsuz tibbi təminat, texnopark və inkubasiya mərkəzlərində ofis sahələrinin icarəsi imkanı, vençur investorların dəstəyi, eləcə də, konsultasiya və mentorluq xidmətlərinə çıxış.
Təqdimat zamanı region ölkələrinə, xüsusilə Azərbaycana xüsusi diqqət yetirilib. Türkiyə nümayəndələri qeyd ediblər ki, Azərbaycan texnologiya cəmiyyətinə böyük maraq göstərirlər və azərbaycanlı iştirakçıları proqram üzrə namizədlər arasında görməkdən məmnun olacaqlar. Onların sözlərinə görə, güclü məhsul və hazır texnoloji həllə malik olmaq təkcə Türkiyədə deyil, beynəlxalq miqyasda da dəstək qazanmaq üçün real imkanlar yaradır.
Tədbirdə o da vurğulanıb ki, "Türkiye Tech Visa" sadəcə rəsmi viza proqramı olmaqla kifayətlənmir, eyni zamanda, innovasiyalarla dövlət təşviqi arasında tam hüquqlu körpüyə çevrilir və bu istiqamətdə Azərbaycan əsas tərəfdaşlardan biri kimi nəzərdən keçirilir.