Bakı. Trend:
19 iyun tarixində ADA Universitetində Məzun günü keçirilib. Bu il ADA Universitetindən 800-ə yaxın tələbə bakalavr və magistr proqramlarını bitirərək məzun olub.
Təntənəli mərasimə valideynlər, professor-müəllim heyəti, dövlət və özəl qurumlarının nümayəndələri qatılıb və məzunların sevincini bölüşüblər.
Tədbir ADA-nın beynəlmiləl ruhunu əks etdirən bayraq keçidi ilə başlayıb – əcnəbi tələbələr təmsil etdikləri ölkələrin bayraqları ilə səhnəyə çıxıblar. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin aparıcılığını tələbələr Aylin İsmayılova və Rəvan Həsən ediblər.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov çıxışında tələbələrin əldə etdiyi nailiyyətlərdən danışaraq bu il ilk məzunları olan maliyyə, riyaziyyat, rəqəmsal media və kommunikasiya, qlobal menecment və siyasət və Azərbaycan dilində tədris olunan dövlət idarəetməsi ixtisaslarını xüsusi qeyd edib. Prorektor, ADA Universitetində bu tədris ilində ilk dəfə doktorantura pilləsinə tələbə qəbulunun elan olunduğunu bildirib.
Tədbirin xüsusi qonağı qismində Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov çıxış edərək tələbələrə uğurlar arzulayıb. Onların cəmiyyətimizə töhfə verəcəklərinə əminliyini vurğulayaraq, bu yolda onlara dəstək verənləri unutmamağı məsləhət görüb. Nazir həmçinin Universitetdə məzunların biliklərlə yanaşı qazandıqları dəyərlərin önəmindən bəhs edib.
Ardınca, yüksək akademik nailiyyətləri ilə fərqlənən iki məzun tələbə heyəti adından çıxış edib. Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr məzunu Aylan Məmmədli və elektroenergetika mühəndisliyi ixtisası üzrə magistr məzunu Ayşət Seyidova öz çıxışlarında ADA-da keçirdikləri yaddaqalan anları bölüşüblər.
Sonda ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edərək, ADA Universitetinin əsas missiyasını bir daha xatırladıb. O, milli dəyərlərinə sadiq, eyni zamanda dünyaya açıq vətəndaşlar yetişdirməyin vacibliyini vurğulayıb. Məzunlara ünvanladığı səmimi tövsiyəsində isə onları ADA-dan kənarda da "ADA-lı" olaraq qalmağa, bu kimliyi layiqincə daşımağa, burada öyrəndiklərini daima vətənimizə xidmət üçün istifadə etməyə çağırıb.
Rektor, eyni zamanda universitetin gələcək planları barədə danışıb. O bildirib ki, qarşıdakı illərdə ADA daha da genişlənəcək, tələbələr üçün yeni ixtisaslar açılacaq və müasir tədris binaları istifadəyə veriləcək. Çıxışın sonunda isə o, İtaliya-Azərbaycan Universitetinin ilk magistr məzunlarını xüsusi olaraq qeyd edib.
Ümumilikdə 2024–2025-ci tədris ili üzrə ADA Universitetindən 509 bakalavr və 275 magistr olmaqla, 784 tələbə məzun olub. Bakalavriat və magistratura səviyyələrində 23 ixtisasdan məzun olan tələbələrin 732-si yerli, 52-si isə əcnəbi tələbələrdir. Əcnəbi məzunlar ABŞ, Gürcüstan, Efiopiya, Esvatini, İran, Konqo, Livan, Latviya, Meksika, Mərkəzi Afrika Respublikası, Mozambik, Nigeriya, Özbəkistan, Qana, Qazaxıstan, Pakistan, Rusiya Federasiyası, Slovakiya, Sudan, Tacikistan, Ukrayna, Yəmən, Zambiya, Zimbabve kimi ölkələri təmsil edirlər.