Bakı. Trend:
İsrail ordusu Tehranda İran ordusuna aid onlarla hədəfi, o cümlədən İran Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatının baş qərargahını (SPDN) vurub.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, İsrail tərəfi aviazərbəyə tuş gələn Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatının İranın nüvə proqramına bağlı olduğunu iddia edir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.