Bakı. Trend:
İyunun 18-19-da Qırğız Respublikasının Bişkek şəhərində "Dövlət maliyyə idarə edilməsi sahəsində təcrübə mübadiləsi" mövzusunda III beynəlxalq konfrans keçirilib.
Maliyyə Nazirliyindən Trend-ə bildirilib ki, dövlət maliyyə idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübə mübadiləsinin təşkili məqsədilə təşkil olunan tədbirdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov və Nazirliyin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktoru İlham Kərimov iştirak ediblər.
Tədbirdə İlham Kərimov "Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar, xüsusilə nəticə əsaslı büdcə planlaşdırmasına alternativ yanaşma" mövzusunda təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Konfrans çərçivəsində həmçinin nəticəəsaslı büdcənin tətbiqi prosesində büdcə alətlərindən istifadə və büdcə prosesinin rəqəmsallaşdırılması mövzularında müzakirələr aparılıb.
Beynəlxalq konfrans dövlət maliyyə idarəçiliyi sahəsində qabaqcıl təcrübələrin paylaşılması və əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır. Tədbir çərçivəsində aparılan müzakirələr iştirakçı ölkələrin büdcə planlaşdırma və idarəetmə sistemlərinin təkmilləşdirilməsinə öz töhfəsini verir.