Bakı. Trend:
İyunun 19-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzulidən sonra Şuşa şəhərində olublar.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qonaqları qarşılayan Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad edildikdən sonra burada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və görüləcək işlər barədə məlumat veriblər.
Cıdır düzünə gələn qonaqlara Cıdır düzünün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərlərinin sıldırım qayalarla bu əraziyə qalxaraq canları və qanları bahasına Şuşanı işğadan azad etmələri barədə məlumat verilib.
Qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər, səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Qonaqların Şuşa ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şəhər meydanı ilə davam etdirilib. Burada onlara güllələnmiş heykəllərin hekayəsi danışılıb.
Sonra qonaqlar Yuxarı Gövhərağa məscidini ziyarət ediblər, şəhərin qala divarları ilə tanış olublar, “İsa bulağı”na baş çəkiblər.
Nümayəndə heyətini QDİƏT PA-da nümayəndə heyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, Rizvan Nəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və Mahir Süleymanlı müşayiət ediblər.