...

Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - ŞƏRH

İqtisadiyyat Materials 19 İyun 2025 12:21 (UTC +04:00)
Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - ŞƏRH
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Biz Avropaya və inkişaf etmiş ölkələrə intqrasiya edən ölkə olaraq bu baxışları dəyişməliyik.

Bunu Trend-ə açıqlamasında sabiq millət vəkili Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, turizmin inkişafı üçün buna ehtiyac var:

“Büdcənin artımı, yeni iş yerlərinin yaranması, kafeteriya və restoranların inkişafı üçün bizə kazino ilə əlaqədar müsbət qərar lazımdır. Bu təbii ki, dövlətin nəzarəti altında, xüsusi lisenziya verilən yerlərdə olacaq. Buna münasibətim müsbətdir. Yetər ki, bu fəaliyyət kifayət qədər dövlət tərəfindən tənzimlənsin və şəffaf olsun”.

R.Quliyev bildirib ki, burada turistlərin sayının kəskin formada artması baş verəcək:

“Gürcüstanın dövlət büdcəsinə kazinolardan yarım milyard dollara qədər gəlir daxil olur. Bəs niyə bu sahədən biz də faydalanmayaq? Hesab edirəm ki, bu sahə Azərbaycanda daha böyük potensiala malikdir və əldə olunacaq gəlir bir milyard dollardan da artıq ola bilər. Bundan əlavə, bu sahənin inkişafı aviabiletlərin satışı, aeroportların fəaliyyəti, eləcə də kafe, restoran və ticarət obyektlərindən istifadə nəticəsində sahibkarlara ciddi qazanc gətirəcək. Eyni zamanda, bu istiqamətdə atılacaq addımlar minlərlə gənc üçün yüksək maaşlı iş yerlərinin yaradılmasına səbəb olacaq ki, bu da iqtisadi və sosial baxımdan müsbət haldır”.

Ekspert Xalid Kərimli isə Trend-ə açıqlamasında bildirib ki, kazino əyləncə növüdür, bunu turizmin inkişafı üçün əsas amil kimi müəyyənləşdirilə bilməz:

"Turistlər azadlığı və əyləncəni sevirlər. Məsələn, turistlər İrana gedib oradakı məhdudiyyətlərdən zövq almırlar. Biz özümüz də hansı ölkədə qiymətlər münasibdirsə, təbiət gözəlliyi və əyləncə imkanları varsa, ora üstünlük veririk. Əksinə, sərt dini və sosial qaydaların tətbiq olunduğu yerlər turistlər üçün cəlbedici olmur. Kazino isə bu baxımdan əyləncə imkanlarının genişləndirilməsi deməkdir və turistləri cəlb edən amillərdən biri kimi çıxış edə bilər. Bu, ölkəyə marağın artmasına müsbət təsir göstərə bilər. Amma əlbəttə, turist axınının artıb-artmayacağı zamanla bəlli olacaq. Çünki kazino əsas deyil, sadəcə turizmi stimullaşdıran amillərdən biridir”.

Turizm eksperti Rəhman Quliyev isə Trend-ə bildirib ki, Avropada, ABŞ-də və bəzi Asiya ölkələrinin iri şəhərlərdə də kazinolar fəaliyyət göstərir:

“Kazinoların hansı formada və hansı konseptdə fəaliyyət göstərməsi ölkənin öz prioritetlərindən asılıdır. Lakin dünya təcrübəsi göstərir ki, kazinolar yüksək seqmentə aid turistlərin cəlb olunmasında mühüm rol oynayır. Məlumdur ki, Azərbaycanda artıq uzun illərdir kazinolar fəaliyyət göstərmir. Halbuki, ölkəmizə gələn turistlərin əhəmiyyətli bir hissəsi məhz əyləncə və vaxt keçirtmək üçün belə məkanlar axtarır. Bu baxımdan, kazinoların yenidən və müasir tələblərə uyğun formada fəaliyyətə başlaması turizmin inkişafına ciddi təkan verə bilər”.

“Kazinolar ölkəyə əlavə gəlir gətirə biləcək potensiallı sahələrdən biridir. Təsəvvür edin, kazinoya görə Azərbaycana gələn turistlər əsasən yüksək gəlirli, yəni üst seqmentə aid şəxslər olur. Belə turistlərin bir nəfərinin xərclədiyi məbləğ, bəzən 100 adi turistin xərclədiyi vəsaiti üstələyir. Bu baxımdan, kazino məqsədilə ölkəyə gələn turistlər daha zəngin olur və nəticə etibarilə ölkə iqtisadiyyatına daha çox fayda verirlər. Hesab edirəm ki, bu sahə bizim üçün strateji bir "atış nöqtəsi" ola bilər. Kazinolar vasitəsilə Azərbaycan yeni bir turist portfeli formalaşdıra və daha yüksək gəlirli turistləri cəlb edə bilər. Əksinə, bu, yalnız əyləncə deyil, həm də yüksək gəlir gətirən iqtisadi fəaliyyət sahəsi kimi çıxış edə bilər”- deyə turizm eksperti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti