...

Cari əməliyyatlar balansında 1,1 milyard dollar həcmində profisit formalaşıb - AMB rəsmisi

İqtisadiyyat Materials 19 İyun 2025 11:09 (UTC +04:00)
Cari əməliyyatlar balansında 1,1 milyard dollar həcmində profisit formalaşıb - AMB rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı üçün əlverişli xarici mühit formalaşıb. Bu dövrədə tədiyə balansının ən vacib komponentlərindən olan cari əməliyyatlar balansında (CƏB) 1,1 milyard dollar həcmində profisit formalaşıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) statiatika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu dövrdə xarici ticarət balansında 2,4 milyard dollarlıq profisit formalaşıb: "Hesabat dövründə mal ixracımız təxminən 6,2 milyard dollar, mal idxalımız isə 3,8 milyard dollar təşkil etmişdir.

Xarici ticarət balansında və təkrar gəlirlər balansında formalaşan profisit ilkin gəlirlər və xidmətlər balansındakı kəsrləri tam örtmüşdür.

Dövr ərzində təkrar gəlirlər balansında 106 milyon dollarlıq profisit formalaşıb. Bu dövrdə təkrar gəlirlər balansının profisitinin formalaşması, əsasən, xaricdən ölkəyə pul köçürmə sistemləri vasitəsilə pul baratları formasında daxil olan vəsaitlərlə əlaqəli olmuşdur".

AMB rəsmisi bildirib ki, hesabat dövründə Azərbaycanın neft-qaz sektoru üzrə cari əməliyyatlar balansı 3,8 milyard dollar profisitli, qeyri-neft-qaz sektoru üzrə isə 2,7 milyard dollarlıq kəsrlidir: "Cari əməliyyatlar balansının profisitinin azalmasının əsas səbəbi xidmətlər balansının və ilkin gəlirlər balansının kəsirinin nisbətən artması ilə əlaqədardır. Bu kəsrlərin artmasını şərtləndirən əsas amillər tikinti və neft sektorunda tikinti və digər işgüzar xidmətlərin artımı, həmçinin emal və təmir xidmətlərində dövlət əhəmiyyətli layihələr üçün göstərilmiş xidmətlərin artımı ilə əlaqəli olmuşdur.

İlkin gəlirlər balansında kəsirin artmasının əsas səbəbi isə birmənalı olaraq ölkədə fəaliyyət göstərən xarici kapitallı müəssisələrin qazandıqları dividendlərlə bağlıdır".

S. Nəsirov qeyd edib ki, dövr ərzində Azərbaycan iqtisadiyyatına xaricdən pul baratları formasında təxminən 229,5 milyon dollar vəsait daxil olub: "Xidmətlər balansı kəsrlidir. Kəsri şərtləndirən əsas amil həmişə olduğu kimi neft-qaz, tikinti və digər sektorlarla bağlıdır. İlkin gəlirlər balansımız nisbətən kəsrlidir. Kəsri formalaşdıran amil həmişə olduğu kimi birbaşa xarici investisiyalarla bağlıdır".

S. Nəsirov vurğulayıb ki, tədiyə balansının digər komponenti kapital və maliyyənin hərəkəti balansında 1,2 milyard dollar kəsr formalaşıb: "Bu, əsasən ölkənin xarici maliyyə aktivlərinin artması ilə əlaqəlidir. Yəni ölkənin xalis xarici maliyyə aktivləri bu dövrdə təxminən 1,2 milyard dollar artıb. Xalis maliyyə öhdəlikləri isə bu dövrdə 45 milyon dollar azalıb".

S. Nəsirovun sözlərinə görə, bu dövrdə Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb: "Portfel investisiyalarda formalaşan kəsr ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların, bankların xarici qiymətli kağızlara yatırdığı vəsaitlər hesabına olub.

Ölkənin reallaşmış ehtiyat aktivləri əməliyyat olaraq 413 milyon dollara çatıb. Burada bizim yenidən qiymətləndirmə və məzənnə fərqi tədiyə balansında nəzərə alınıb. Amma ümumilikdə, ölkəmizin strateji valyuta aktivləri bu ilin birinci rübündə 2,5 milyard dollar artacaq 73,5 milyard dollar həcmində qərarlaşıb".

"Bu dövrdə Azərbaycan neftinin reallaşmış orta qiyməti 74 dollar, Azərbaycan qazının ixrac olunmuş min kubmetri 320 dollar təşkil edib", - deyə S. Nəsirov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti