Bakı. Trend:
İsrailin müdafiə naziri İsrael Katz orduyaa Tehrandakı strateji obyektlərə, o cümlədən hökumət binalarına zərbələrin gücləndirilməsi barədə göstəriş verib.
Trend xəbər verir ki, İsrailin müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir və mən İsrail Müdafiə Ordusuna İranda strateji hədəflərə və Tehrandakı hökumət obyektlərinə qarşı hücumların intensivliyini artırmağı tapşırmışıq”, – məlumatda Katzın sözləri sitat gətirilir.
Katz İranın ali lideri Əli Xameneyini İsraildə xəstəxanalara və yaşayış məhəllələrinə atəş açmaqda ittiham edib. Nazir bildirib ki, bu, Xameneyinin ən ağır cinayətlərindən biridir və o, bu əməllərinə görə məsuliyyətə cəlb olunacaq.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.