Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 5,318 milyard ABŞ dolları dəyərində 2,533 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 409,558 milyon ABŞ dolları və ya 8,3%, həcm ifadəsində isə 202,067 min ton və ya 8,7% çoxdur.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 959,083 milyon ABŞ dolları dəyərində 1,034 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 195,629 milyon ABŞ dolları və ya 25,6%, həcm ifadəsində isə 163,600 min ton və ya 18,8% artım deməkdir.
Eyni zamanda, dövr ərzində avtomobil nəqliyyatı vasitəsilə Azərbaycana 4,359 milyard ABŞ dolları dəyərində 1,499 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 5 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 219,929 milyon ABŞ dolları və ya 5,2%, həcm baxımıdan isə 38,468 min ton və ya 2,6% artıb.