Bakı. Trend:
Mən ilk dəfədir Azərbaycandayam və burada hər şeyin necə yüksək səviyyədə təşkil olunduğunun şahidi oldum. Bakı çox gözəl şəhərdir, buranın dadlı milli mətbəxi, eləcə də, əla havası var və mən UFC-nin final gecəsini səbirsizliklə gözləyirəm.
Trend xəbər verir ki, bunu “UFC Fight Night Baku”nun fəxri qonağı, tanınmış amerikalı döyüşçü Bilal Məhəmməd jurnalistlərə verdiyi açıqlamada bildirib.
Bilal Məhəmməd – yarım-orta çəkidə UFC-nin keçmiş çempionudur. UFC-nin rəsmi reytinqində yarım-orta çəkidə cari çempiondan sonra birinci yerdə qərarlaşıb, çəkisindən asılı olmayaraq UFC döyüşçülərinin ümumi (pound-for-pound) reytinqində isə 13-cü yerdədir.
“Döyüşdə mən çilili döyüşçü İqnasio Baxamondesi dəstəkləyəcəyəm (red – azərbaycanlı döyüşçü Rafael Fiziyevin rəqibi), eyni zamanda, oktaqonda onun küncündə olacağam. Çikaqoda biz birlikdə məşq edirik. Eyni zamanda, mən Çikaqodan Camal Hillə dəstək göstərəcəyəm. Məncə, Baxamondeslə Fiziyev arasındakı döyüş çox möhtəşəm olacaq, belə ki, hər iki idmançı – straykerdir və ayaqüstə döyüşməyi xoşlayırlar. “UFC Fight Night” yüksək səviyyədə təşkil etdiklərinə görə Azərbaycana minnətdarlığımı bildirirəm. Hər şey əladır!”, - deyə Bilal Məhəmməd bildirib.
Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.
Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.
Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.
İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.
Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa)
Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels)
Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya)
Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya)
Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya)
Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)
Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:
Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya)
Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya)
Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya)
Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan)
Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili)
Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xəlil Rauntri C. (14-6-0, ABŞ).