Bakı. Trend:
Məktəblərdə dini dəyərlər dərsini Azərbaycan İlahiyyat İnstitutunun məzunları və ixtisasartırma proqramları keçmiş müəllimlər keçə bilər.
Trend xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, "Süleyman" məscidinin imamı, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri" adlı panel müzakirəsində çıxışında bildirib.
Onun sözlərinə görə, gənclərin müxtəlif dəyərlərə məruz qalması cəmiyyətdə qarşıdurmaya səbəb ola bilər və bu, sosial harmoniyanı poza bilər:
"Milli-mənəvi dəyərlər ilk növbədə ailədə, sonra isə planlı-sistemli şəkildə məktəblərdə öyrədilməlidir. Dünya təcrubəsinə baxsaq, görərik ki, dəyərlər məktəblərdə tədris edilir. Bu dərslər açıq dərslər və ümumi dərs proqramları içərisində xalqın milli-mənəvi keçmişindən hekayələr verməklə keçirilir. Avstriya, Amerika, Çin, Türkiyə kimi ölkələrdə təhsil müəssisələrində dəyərlər dərsinə mühüm önəm verilir. Araşdırmalar bu dərslərin gənclərin sosial bacarıqlarında müsbət dəyişikliklərə səbəb olduğunu təsdiqləyir. Bu dərslərin keçirilməsi üçün dərsliklər və bu dərsləri keçəcək müəllimlərin hazırlıq səviyyəsi, dini biliklərinin olması önəmlidir. Milli mənəvi dəyərlər dərsinin məktəblərdə keçilməsi strateji bir məsələdir. Təklif olaraq qeyd edim ki, bu dərsləri Azərbaycan İlahiyyat İnstitutunun məzunları keçə bilər. Bir dəyəri diqtə etməklə gəncə başa salmaq olmaz. Bunu əsaslandırmaq lazımdır. İxtisasartıma proqramları ilə dini biliklər də öyrəndikdən sonra müəllimlər məktəbdə bu dərsi keçə bilərlər".
