Bakı. Trend:
Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları təsdiqlənib.
Trend-in məlumatına görə, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Qaydalar altı aydan yuxarı körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş sənaye üsulu ilə gigiyenik tələblərə uyğun hazırlanan əlavə qidalara (bundan sonra – əlavə qidalar) dair tələbləri müəyyən edəcək.
Əlavə qidalar pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə biləcək.
Əlavə qidalar aşağıdakı 2 növə bölünür:
- ana südü və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən dəstəkləyici qida məhsulu kimi nəzərdə tutulmuş taxıl əsaslı əlavə qidalar;
- ana südü və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən dəstəkləyici qida məhsulu kimi nəzərdə tutulmuş (erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş süd əsaslı içkilər istisna olmaqla) taxıl əsaslı olmayan əlavə qidalar.
Məlumat üçün bildirək ki, qərar 2025-ci il dekabrın 4-də qəbul edilib, dekabrın 12-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, 2026-cı il martın 4-də qüvvəyə minəcək.
