Bakı. Trend:
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları üzərində üç ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu olan bir nəfəri saxlayıblar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Jurnalistlərin verdiyi məlumata görə, insident həftəsonu Ural Hüquq İnstitutunun yaxınlığında baş verib. Asayiş keşikçiləri təhsil müəssisəsinin yerləşdiyi Elmaş rayonu üzrə patrul xidməti zamanı şübhəli şəxsi görüblər. Hüquq-mühafizə əməkdaşları onu saxlayaraq çantasına baxış keçiriblər və oradan partlayıcı qurğular aşkarlayıblar. Bundan sonra hadisə yerinə əməliyyat qrupu çağırılıb.
Məlumata görə, saxlanılan şəxsin 22 yaşı var. Ona terror aktına cəhd maddəsi ilə cinayət işi başlanıb.
