...

Azərbaycan boksçuları U-17 Avropa çempionatında dörd çəki üzrə finala yüksəliblər (FOTO)

İdman Materials 15 Dekabr 2025 22:05 (UTC +04:00)
Azərbaycan boksçuları U-17 Avropa çempionatında dörd çəki üzrə finala yüksəliblər (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında keçirilən U-17 Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri baş tutub.

Trend xəbər verir ki, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin dörd idmançısının hər biri finala vəsiqə qazanıb.

48 kq çəki dərəcəsində çıxış edən Gülər Hüseynova İngiltərə təmsilçisi Serana Mali ilə qarşılaşıb. Boksçumuz gərgin keçən görüşdə 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. Hüseynova həlledici döyüşdə Türkiyə təmsilçisi Asmin Cabasla üz-üzə gələcək.

46 kq çəki dərəcəsində Qardaş Rəhimov Gürcüstan boksçusu Rati Xarbedia ilə qarşılaşıb. Hər üç raundda üstün olan milli üzvümüz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə ilə finala adlayıb. Rəhimov qızıl medal uğrunda Rumıniyadan olan Birham-Pasa İuseimlə döyüşəcək.

60 kq çəki dərəcəsində mübarizə aparan Şahin Aslanov da yarımfinal görüşünü qələbə ilə başa vurub. O, İrlandiya təmsilçisi Ceyson Maheri 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib və finalda İngiltərədən Frenki Smitlə qarşılaşacaq.

75 kq çəki dərəcəsində Şükar Əliyev yarımfinala çıxmadan finala vəsiqə qazanıb. Macarıstanlı Aleks Domjanın döyüşə gəlməməsi səbəbindən Azərbaycan boksçusu qalib elan olunub. Əliyev finalda İngiltərə təmsilçisi Maykl Mauqanla üz-üzə gələcək.

Qeyd edək ki, çempionatın həlledici döyüşləri dekabrın 17-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti