Bakı. Trend:
Bu ilin avqustunda Türkiyənin Kilis şəhəri yaxınlığında yeni bir boru kəməri vasitəsilə Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya nəqlinə rəsmi başlanıldı. Bu, Azərbaycan qazının Suriyaya birbaşa ixracına start verilməsi baxımından tarixi hadisədir.
Qaz Azərbaycanın Şahdəniz kimi əsas qaz yataqlarından çıxır və boru kəmərləri ilə Türkiyəyə çatdırılır. Türkiyə ərazisindəki infrastrukturdan sonra qaz Kilis vasitəsilə Suriyaya daxil olur. Bu yolla qaz əvvəlcə Hələb (Aleppo) və Homs kimi böyük şəhərlərdəki elektrik stansiyalarına çatdırılır. Bu layihə birbaşa Azərbaycan–Türkiyə–Suriya enerji əməkdaşlığı çərçivəsində, həm iqtisadi, həm də regionda enerji inteqrasiyasını artırmaq məqsədilə həyata keçirilir. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Ötən həftə statistik rəqəmlər də açıqlanıb. Belə ki, Azərbaycandan Suriya Ərəb Respublikasına 52,501 milyon ABŞ dolları dəyərində 153,157 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Rəsmi məlumatlara görə layihənin davamı ilə bu həcmlər daha da artırıla bilər və 2 milyard kubmetrə qədər çatdırılması hədəflənir. Nəzərə almaq lazımdır ki, bu həcmlər Suriyaya birbaşa tranzit üsulu ilə daşınan qaz miqdarını göstərir. Layihənin əsas hədəfi Suriyanın enerji sektorunun bərpasına töhfə verməkdir.
Suriyada 2011-ci ildən davam edən müharibə enerji infrastrukturuna ağır ziyan vurmuşdu; boru kəmərinin açılması bu infrastrukturun yenidən qurulmasında önəmli rol oynayacaq. Bu, Azərbaycanın qaz siyasətində strateji addım kimi dəyərləndirilir: həm iqtisadi diversifikasiya, həm də regionda enerji liderliyinin gücləndirilməsidir. Təchizatın genişləndirilməsi ilə daha çox qazın gələcəkdə Suriyaya verilməsi mümkündür. Enerji bərpası ilə Suriyanın iqtisadi dirçəlişinə dəstək təşkil edilə bilər.
Bu layihə zərbaycan qazının ixrac istiqamətlərini genişləndirir, Suriyada enerji bərpası üçün vacib resurs yaradır, regionda əməkdaşlığı və enerji təhlükəsizliyini gücləndirir, Bu ixrac hələ başlanğıc mərhələsindədir və növbəti illərdə daha geniş həcmlər və strateji əməkdaşlıq planlaşdırılır, eyni zamanda geosiyasi rolu və sülh prosesinə töhfə verir.
Bu göstəricilər Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinin real nəticəsi kimi çıxış edir. Ənənəvi olaraq Avropa və region ölkələrinə yönəlmiş ixrac siyasətinə Yaxın Şərq istiqamətinin əlavə olunması Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlandığını göstərir. Suriyaya ixrac həcmi ümumi qaz ixracı fonunda nisbətən kiçik paya malik olsa da, strateji və siyasi çəkisi iqtisadi göstəricilərdən qat-qat böyükdür. Bu, sırf kommersiya deyil, eyni zamanda enerji diplomatiyası layihəsidir.
Ümumilikdə, təqdim olunan göstəricilər sübut edir ki, Azərbaycandan Suriyaya təbii qaz ixracı sırf statistik hadisə deyil, daha geniş mənada enerji diplomatiyasının, regional təsir gücünün, iqtisadi və siyasi balanslaşdırmanın mühüm elementidir.
Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 7,418 milyard ABŞ dolları dəyərində 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3% çox, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azdır.
Eyni zamanda bu ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 243,6 milyon kubmetr və yaxud 49,1% azdır.
