Bakı.Trend:
Qarşıdan gələn bayram və istirahət günləri ilə əlaqədar olaraq bölgələrdəki qısa-müddətli kirayə mənzillərə, xüsusən də günlük kirayə verilən həyət evləri və villalara tələb ənənəvi olaraq artır. Bu dövrdə əhali hotellərlə yanaşı daha çox kirayə evlərə, villalara üstünlük verir, çünki ailəvi istirahət üçün daha geniş və sərfəli şərait təklif olunur.
Bayram günlərində müxtəlif kateqoriyalar üzrə kirayə mənzillərin qiyməti neçə manat aralığında olacaq?
Mövzu ilə bağlı əmlak eksperti Şahin İbrahimov Trend-ə açıqlamasında bildirib ki, hazırkı müşahidələr bölgələrdəki kirayə bazarında mövsümdənkənar dövrlə müqayisədə qiymətlərdə artım meyli olduğunu göstərir. Qiymət artımı əsasən qısamüddətli kirayələrdə - xüsusən bayram və tətillər ərəfəsində özünü göstərir:
“Bu artım adətən 20-40% intervalında dəyişir, bəzi yüksək tələbatlı turizm zonalarında isə daha yüksək ola bilər.
Otaq sayına və təmir vəziyyətinə görə qiymət fərqləri:
1-2 otaqlı sadə mənzillər - bölgələrdə gündəlik kirayə qiymətləri adətən 40- 70 manat intervalındadır. Bayram günlərində qiymətlər 60-100 manata qədər yüksələ bilir.
Təmirli və yaxşı şəraitli mənzillər - gündəlik qiymətlər 80-120 manat civarında olur. Tələbatın artdığı günlərdə bu rəqəm daha da yüksələ bilər.
Sadə həyət evləri - mövsümdənkənar dövrdə 50-100 manat, bayram və istirahət günlərində isə 80-150 manat aralığında təklif edilir”.
Ş.İbrahimov bildirib ki, villalara tələb digər kateqoriyalara nisbətən daha yüksəkdir. Ailələr və qruplar üçün nəzərdə tutulduğundan, bayram dövründə villalarda demək olar ki, tam doluluq müşahidə olunur:
“Orta səviyyəli villalar 120-250 manat arasında dəyişir. Premium kateqoriyalı, hovuzlu,geniş sahəli villalar isə 250-400 AZN və daha yuxarı qiymətlərlə kirayə verilir. Bayram günləri ərəfəsində bölgələrdəki kirayə mənzillər və villalar seqmentində tələb artdığı üçün qiymətlərdə nəzərəçarpacaq mövsümi yüksəliş qeydə alınır. Bu, hər il müşahidə olunan təbii bazar dinamikasıdır”,-deyə ekspert əlavə edib.
Əmlak eksperti Elnur Azadov mözu ilə əlaqədar Trend-ə açıqlamasında bildirib ki, bayram günlərində həm istirahət komplekslərində, həm də fərdi vətəndaşlar tərəfindən inşa olunan evlərin kirayə qiymətlərində artım müşahidə ediləcək.
“Bu il istirahət zonalarında tikilən evlərin sayında kifayət qədər artım var. Son bir il ərzində bölgələrdə “A-frame” tipli evlər çox tikilib və onlara tələbat çoxdur. Köhnə tikili evlərdə isə kirayə qiymətləri stabil qalacaq. Qiymət artımı evin yerləşdiyi bölgədən də asılı olaraq dəyişir”.
Ekspert vurğulayıb ki, Qəbələ-İsmayıllı zonalarında yeni inşa olunan “A-frame”lərin sayı çoxdur. Bu səbəbdən köhnə evlərə tələbat azala bilər.
“Oxşar vəziyyət digər zonalarda, məsələn, cənubda Lənkəran-Astara xəttində, şimalda isə Quba-Qusar istiqamətində müşahidə edilir.
İstirahət zonalarında qiymətlər bir otaq üçün orta hesabla 50-70 manat arasında dəyişir. Bir az kateqoriyası yüksək olan istirahət zonalarında isə qiymətlər 70 manatdan 100 manata kimi və daha çox ola bilər. “A-frame” evlərin isə qiymətləri günlük 100 manatdan başlayır. Bir az köhnə kateqoriyada olan evlərin isə qiymətləri təxminən günlük 60-70 manatdan başlayır”,-deyə o əlavə edib.
