Bakı. Trend:
Bakıdan Naxçıvana uzanan dəhliz Türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyasının Türk Dünyasına Baxış Proqramının təqdimatında çıxış edib.
Türkiyə lideri bildirib ki, 34 illik dövr ərzində türk dövlətləri olaraq bir çox sahələrdə keçmişlə müqayisə belə edilməyəcək dərəcədə möhkəm əlaqələr formalaşdırılıb. Türk xalqlarının bilik və təcrübəsini eyni üfüqdə birləşdirən bu sənəd (AK Parti Türk Dünyası Vizyon Belgesi Tanıtım Programı) qarşıdakı yüz ilin inşasında mühüm strateji sənəd mahiyyəti daşıyır. Sənəd 6 ləhcədə və ortaq əlifba ilə hazırlanıb.
Onun sözlərinə görə, bu, Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə dair iradənin əsas göstəricisidir. Sənəd hazırlanarkən beynəlxalq razılaşmalar, əməkdaşlıqlar və qlobal inkişaf nəzərə alınıb.
“Nəqliyyat və logistika strategiyaları da bu vizyonun mühüm həlqələrindəndir. Bakıdan Naxçıvana uzanan dəhliz türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək.
Dil, tarix, ədəbiyyat və incəsənət sahələrində çoxpilləli fəaliyyətlər mədəni bağların möhkəmləndirilməsinə töhfə verəcək. Sənədin təhlükəsizlik perspektivi isə regional sülhün möhkəmləndirilməsinə yönəlmiş ətraflı fəaliyyət planını əhatə edir”,-deyə Ərdoğan bildirib.
