Bakı. Trend:
Kambocanın Müdafiə Nazirliyi Tailand silahlı qüvvələrinin Kambocanın suveren ərazisinə zərbələrinin çoxaldığını açıqlayıb.
Trend xəbər verir ki, nazirlik Tailand hərbçilərinin F-16 qırıcı təyyarələrini də tətbiq etməklə dekabrın 15-də Kambocanın şimal-qərbinə, o cümlədən Siem Rip əyalətinə hava hücumları etdiyini, məcburi köçkünlərin məskunlaşdığı düşərgənin yaxınlığına 2 bomba atdığını bildirib.
Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Tailand tərəfi Kambocanı toqquşmalara və atəşkəs barədə razılığı pozmaqda ittiham edir. Tailand ordusundan bildirilib ki, Kamboca sərhədə ağır silahları səfərbər edib.
20:00
xxx
Dekabrın 15-də Tailand hərbçiləri pilotsuz uçuş aparatları vasitəsilə Kambocanın yaşayış məntəqələri üzərinə toksik qaz yayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatı Kambocanın Milli Müdafiə Nazirliyi yayıb.
“Tailand qoşunları Sanqkum Tmey və Ek Pxap kəndləri və Pursat əyalətinin Vel Veenq rayonunun Txma Da qəsəbəsi üzərinə külli miqdarda toksik qaz yaymaq üçün pilotsuz uçuş aparatlarından istifadə edib”,- deyə qurumun bəyanatında bildirilib
Qeyd edək ki, ötən həftəsonundan etibarən Tailand-Kamboca sərhədində vəziyyət yenidən gərginləşib. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
17:47
xxx
Dekabrın əvvəlindən Kamboca ilə Tailand arasında sərhəddə baş verən toqquşmalar nəticəsində həlak olan kambocalıların sayı 15 nəfərə çatıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kambocanın informasiya naziri Net Pheaktra bəyanatla çıxış edib.
Nazir bildirib ki, Tailand hərbçilərinin hərəkətləri nəticəsində ölənlərlə yanaşı, daha 73 yerli sakin yaralanıb. Pheaktra həmçinin qeyd edib ki, münaqişə səbəbindən məcburi köçkün düşənlərin sayı 409 293 nəfərə çatıb.
Qeyd edək ki, atıcı silahların tətbiqi ilə Tailand və Kamboca sərhədində toqquşmalar dekabrın 7-dən başlayıb.
