Bakı. Trend:
Radikal təfsirlərə qarşı sağlam dini biliklərin tədrisi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı nəticəsində fəaliyyət planı hazırlana bilər.
Trend xəbər verir ki, bunu Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, natamam dini təhsil, ailə və sosial mühitin təsiri, psixoloji amillər, yanlış dini təbliğat, rasional düşüncə azlığı kimi şeylər dini fanatizmə gətirib çıxaran amillərdir:
"Xurafat, dini fanatizm və dini radikalizm qızları öz hüquqlarından uzaqlaşdırır, onların azadlıqlarını ciddi şəkildə məhdudlaşdırır. Qızların təhsilə, işə, ictimai həyata çıxışını əngəlləyir, gender bərabərliyi prinsipləri inkar olunur. Məktəbin və ya təhsilin məqsədlərindən biri də ailədə qazanılan dağınıq və natamam biliklərin toplanıb tamamlanmasıdır. Radikal təfsirlərə qarşı sağlam dini biliklərin tədrisi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı nəticəsində fəaliyyət planı hazırlana bilər".
