...

UNESCO-nun mənzil qərargahında Memar Əcəminin anadan olmasının 900 illiyi münasibətilə sərgi açılıb (FOTO/YENİLƏNİB)

Mədəniyyət Materials 15 Dekabr 2025 17:10 (UTC +04:00)
UNESCO-nun mənzil qərargahında Memar Əcəminin anadan olmasının 900 illiyi münasibətilə sərgi açılıb (FOTO/YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin dəstəyi, eləcə də UNESCO ilə tərəfdaşlıq çərçivəsində 15 dekabr 2025-ci il tarixində UNESCO-nun mənzil-qərargahında dahi Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmuş tədbir və sərginin açılışı baş tutub.

Trend xəbər verir ki, UNESCO Baş Konfransının 42-ci sessiyası tərəfindən UNESCO-nun 2024–2025-ci illəri əhatə edən yubileylər siyahısına daxil edilmiş Əcəmi Naxçıvaninin anadan olmasının 900-cü ildönümü mərasimində diplomatik korpusun nümayəndələri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyi, UNESCO Katibliyinin əməkdaşları, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış etmiş Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Əcəmi Naxçıvaninin dünya memarlıq irsində tutduğu müstəsna yeri vurğulayıb. O, Əcəmi Naxçıvani tərəfindən əsası qoyulmuş Naxçıvan memarlıq məktəbinin Yaxın və Orta Şərq memarlığının inkişafına mühüm təsir göstərdiyini bildirib. Səfir qeyd edib ki, Əcəmi Naxçıvaninin əsərləri, o cümlədən Möminə Xatun türbəsi və Yusif ibn Küseyr türbəsi XII əsr memarlığının nadir inciləri olmaqla, yüksək sənətkarlıq dəqiqliyi, mükəmməl simmetriya və ornamental zənginliyi ilə bu gün də memarlar, alimlər və tədqiqatçılar üçün dəyərli ilham mənbəyi olaraq qalmaqdadır.

Çıxış zamanı Səfir 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən UNESCO-ya hədiyyə edilmiş, görkəmli xalçaçı-rəssam Lətif Kərimovun Əcəmi Naxçıvaniyə həsr etdiyi xalçanı xatırladaraq, bunun mədəni irsin sənət vasitəsilə qorunub yaşadılmasının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. O, həmçinin Əcəmi Naxçıvaninin ümumbəşəri mədəniyyətin inkişafına verdiyi töhfələrin UNESCO tərəfindən yüksək qiymətləndirilməsinin Azərbaycan–UNESCO tərəfdaşlığının növbəti mühüm təzahürü olduğunu bildirib.

Daimi nümayəndə çıxışında Əcəmi Naxçıvaninin insan mərkəzli və harmonik məkan fəlsəfəsinin müasir dövrdə də əhəmiyyətini saxladığını qeyd edərək, 2026-cı ilin 17–22 may tarixlərində Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bu dəyərlərin beynəlxalq müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb. E.Abdullayev tədbirin və sərginin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına və Azərbaycan Memarlar İttifaqına təşəkkürünü bildirib.

Açılış nitqindən sonra çıxış edən UNESCO baş direktorunun Mədəniyyət sektoru üzrə müavini Ernesto Ottone Əcəmi Naxçıvaninin yaradıcılığının Naxçıvanı regionun mühüm mədəniyyət mərkəzinə çevirdiyini vurğulayaraq, onun memarlıq irsinin yerli ənənələri qorumaqla yanaşı, zaman və sərhədləri aşan ümumbəşəri dəyərləri özündə birləşdirdiyini qeyd edib. Ernesto Ottone həmçinin Azərbaycanın mədəni irsin qorunması və təşviqi sahəsində UNESCO ilə davamlı əməkdaşlığını yüksək qiymətləndirib.

Ardınca Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoty Raymkulova çıxış edərək bildirib ki, Əcəmi Naxçıvaninin memarlıq üslubu türk dünyasının zəngin ənənələrindən qaynaqlanmaqla yanaşı, dərin məna və orijinallığı ilə seçilir və bu üslub Məminə Xatun və Yusif ibn Qüseyr türbələri kimi abidələrdə aydın şəkildə əks olunur.

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının nümayəndəsi Nigar Rəhimli çıxışında Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinin UNESCO-nun 2024–2025-ci illəri əhatə edən yubileylər proqramına daxil edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki onun yaradıcılığı Azərbaycanla yanaşı, Yaxın Şərq memarlığına da ciddi təsir göstərmişdir. Qeyd olunub ki, UNESCO-nun mənzil-qərargahında keçirilən bu sərgi görkəmli memarın irsinin geniş auditoriyaya təqdim olunmasına və onun qorunmasının vacibliyinə bir daha diqqət çəkir.

Daha sonra çıxış edən Azərbaycanın Əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının katibi Rasim Babakişiyev memarlıq abidələrinin xalqların və dövlətlərin tarixinin ən inandırıcı sübutlarından biri olduğunu vurğulayıb. O, Azərbaycanın zəngin memarlıq irsi ilə fəxr etdiyini bildirərək, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə daxilində və beynəlxalq miqyasda memarlıq abidələrinin qorunması və bərpasına göstərdikləri xüsusi diqqəti qeyd edib. Rasim Babakişiyev çıxışında Əcəmi Naxçıvaninin Məminə Xatun və Yusif ibn Qüseyr türbələri kimi əsərlərinin yüksək peşəkarlıq və mühəndis dəqiqliyi ilə seçildiyini, bu abidələrin bu günə qədər qorunub saxlanmasının məhz bu ustalıqla bağlı olduğunu vurğulayıb.

Tədbirin davamında Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib. Sonda qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.

UNESCO mənzil-qərargahında təşkil edilən sərgi 19 dekabr 2025-ci il tarixinədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti