Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Amerika Birləşmiş Ştatlarından (ABŞ) Azərbaycana birbaşa xarici investisiyaların həcmi 133,240 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31,082 milyon dollar və ya 30,4% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dən olan investisiyaların payı 2,8% təşkil edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində ABŞ iqtisadiyyatına 117,398 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,112 milyon dollar və ya 2,5 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil edib.
2024-cü ilin ilk 9 ayı ərzində ABŞ-dən Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 102,158 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 46,286 milyon dollar təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.
