Bakı.Trend:
Fransa mətbuatında azərbaycanlı fotoqraf Nicat Kazımovun Azərbaycanın “Ritm” rəqs qrupunun Avropadakı çıxışlarından bəhs edən “Derrière la scène” (Səhnə arxası) adlı fotoreportajı yayımlanıb.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Fotoreportajda “Ritm” rəqs qrupunun səhnəarxası hazırlıq prosesindən, gündəlik fəaliyyətindən, eləcə də heyrətamiz ifalarından fotolar və məlumatlar yer alıb. Qrupun Azərbaycan mədəniyyətinin bənzərsiz elementlərini yüksək peşəkarlıqla təqdim etdiyinə diqqət çəkilib.
Qeyd edək ki, “Ritm” rəqs qrupu İsveçrənin Bazel şəhərində "Azərbaycan İsveçrə ilə Xəzərdən Alp dağlarınadək hərəkətlərin ahəngində qovuşur - Mədəniyyətlər Körpüsü" (“Azerbaijan Meets Switzerland in Harmony of Movements – From the Caspian to the Alps, Bridge of Cultures”) adlı tədbirdə səhnəyə çıxıb. Qrupun dinamik, milli-mənəvi dəyərlərlə zəngin çıxışları Azərbaycan mədəniyyətinin gözəlliyini bir daha nümayiş etdirib və böyük maraqla qarşılanıb.
Fotoreportajla ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://streetphotographyfrance.fr/derriere-la-scene-nijat-kazimov/
