Bakı. Trend:
Almaniyanın Bad Karlshafen şəhərində azərbaycanlı gənclərin və tələbələrin növbəti görüşü keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub. Məqsəd Almaniyada fəaliyyət göstərən Azərbaycan Tələbə və Elmi İşçilər Birliyinin illik fəaliyyətini qiymətləndirmək, təşkilati strukturu təkmilləşdirmək və üzvlər arasında həmrəyliyi gücləndirmək olub.
Görüşdə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli, eləcə də Almaniyanın müxtəlif şəhərlərində təhsil alan tələbələr, doktorantlar, mühəndislər, İT mütəxəssisləri və sosial elmlər üzrə tədqiqatçılar iştirak ediblər.
İştirakçılara son bir il ərzində birliyin həyata keçirdiyi əsas layihələr, partnyorluq təşəbbüsləri və kommunikasiya strategiyaları ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, 2026-cı il üçün müəyyən olunan yeni istiqamətlər üzrə fəaliyyət planlarından da danışılıb.
Gənclər bu görüşü öz bilik və təcrübələrini paylaşmaq üçün unikal bir imkan, eyni zamanda “il boyu gözlədikləri yeganə məkan” və ya “şəxsi inkişaf üçün ilhamverici fürsət” kimi dəyərləndiriblər.
Qeyd edək ki, 2007-ci ildə yaradılan Azərbaycan Tələbə və Elmi İşçilər Birliyinin (VASW e. V.) əsas məqsədi Almaniyada yaşayan azərbaycanlı tələbə və gənc mütəxəssisləri təhsil, mədəniyyət, elmi əməkdaşlıq və sosial inteqrasiya sahələrində dəstəkləmək, kollektiv təşəbbüslərin inkişafına töhfə vermək, həmçinin Azərbaycanın zəngin tarixi, mədəniyyətini Almaniyada tanıtmaqdır.