...

Bakıda Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb (FOTO)

Siyasət Materials 19 İyun 2025 15:32 (UTC +04:00)
Bakıda Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası təşkil olunub.

Trend xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, bugünkü toplantı təcrübə və fikir mübadiləsi üçün əhəmiyyətli bir platformadır. Türk dövlətlərini birləşdirən dərin tarixi köklər və ortaq hüquq-mədəni irsin bu gün də əməkdaşlığın möhkəm təməlini təşkil etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərə dair siyasəti dostluq, qarşılıqlı hörmət və əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Türk dünyası ilə münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub, bu əlaqələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da genişləndirilib. Bildirilib ki, bu siyasətin tərkib hissəsi olaraq, məhkəmə-hüquq sahəsində də təcrübə mübadiləsi aparılır, ortaq hüquqi layihələr və təşəbbüslər dəstəklənir.

Məhkəmə-Hüquq Şurasının ötən müddət ərzində beynəlxalq əməkdaşlıq sahəsində mühüm nailiyyətlər əldə etdiyi qeyd olunub. Bu kontekstdə bugünkü toplantı çərçivəsində imzalanması nəzərdə tutulan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması haqqında Əsasnamənin tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi bazasını formalaşdıracağı vurğulanıb.

Sonra çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, hazırda Təşkilatla müşahidəçi dövlətlər arasında 35-dən çox sahə üzrə səmərəli əməkdaşlıq mövcuddur və bu sahələrdən biri hüquq-mühafizə və məhkəmə sistemidir. Diqqətə çatdırılıb ki, təşkilatın gündəmində hüquqi əməkdaşlıq sahəsi əsas yer tutur. TDT yaranandan indiyədək məhkəmə hakimiyyəti ilə bağlı davamlı uğurlar əldə olunub.

Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova çıxış edərək bildirib ki, ölkələr arasında qarşılıqlı əməkdaşlıq inkişaf etdirilməli və qarşılıqlı təcrübə mübadiləsi daha da genişləndirilməlidir. Qeyd edilib ki, bu gün imzalanacaq Əsasnamə əməkdaşlıq üçün yeni üfüqlər açır, hüquqi təcrübələrin mübadiləsi üçün imkanlar yaradır. Həmçinin, sənədin hüququn tətbiqi, hüquq sisteminin inkişafı baxımından mühüm olduğu vurğulanıb.

Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu qeyd edib ki, TDT-nin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması yalnız bir sənədin imzalanması deyil, həm də ortaq hüquqi baxışın, qardaşlıq üzərində qurulmuş əməkdaşlığın və uzunmüddətli ədalət anlayışının təsdiqidir. Bildirilib ki, TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi institutlar arasında kommunikasiya və müzakirə platforması olacaq, ortaq problemlərə birgə həll yolları tapmaq üçün faydalı bir mexanizm rolunu oynayacaq. Eyni zamanda, məhkəmə sisteminin şəffaflığı və müstəqilliyi kimi beynəlxalq prinsiplərin gücləndirilməsi, Türk dünyasında ədalət platformalarının qlobal səviyyədə tanınmasına xidmət edəcək.

Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov qeyd edib ki, TDT çərçivəsində dialoq və əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addımlar atılıb. Bu kimi proqramlar qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə şərait yaradır və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bugünkü toplantı çərçivəsində imzalanacaq Əsasnamə də məhz bu əməkdaşlığın genişlənməsinə imkan yaradacaq, daha effektiv işlərin görülməsi üçün əsas təmin edəcək.

Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev isə çıxışında ölkəsində məhkəmə sahəsinə xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edilib ki, TDT arasında effektiv əməkdaşlığın mövcud olması yaxşı haldır. Bu gün imzalanacaq Əsasnamə üzv dövlətlər arasında yeni əməkdaşlığın yaranmasına, eyni zamanda məhkəmə sisteminin təşəkkül tapmasına təkan verəcək.

Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ çıxış edərək qeyd edib ki, TDT-nin son illər ərzində keçirilən iclasları ortaq keçmişə sahib olan dövlətlərin bir-birini daha yaxşı tanıması və əməkdaşlıqlara dəstək baxımından mühüm əhəmiyyət kəsb edir. Şimali Kipr Türk Respublikası belə tədbirlərə böyük əhəmiyyət verməkdədir. Bu iclasların hüquq sahəsində dostluq əlaqələrinin təkmilləşməsinə də töhfə verəcəyi vurğulanıb.

Sonda Təşkilata üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları sədrlərinin 4-cü iclasının Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi barədə qərar qəbul edilib.

Daha sonra iclas çərçivəsində ikitərəfli görüşlər keçirilib, məhkəmə-hüquq sahəsində qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti