Bakı. Trend:
Azərbaycanda ilk dəfə olaraq orta çəkili yük avtomobilləri və avtobuslar üçün əyləc bəndləri istehsal ediləcək.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Belə ki, İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti “Brake Systems Azerbaijan” MMC tərəfindən 600 min manatlıq məhsul satışı edilib. Müəssisədə hazırda Yaponiya və Cənubi Koreya istehsalı olan minik avtomobilləri üçün əyləc bəndlərinin hazırlanması həyata keçirilir.
Çinin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisədə 220 çeşiddən artıq əyləc bəndi istehsal olunur.
Məlumata görə, müəssisədə hazırda ancaq minik avtomobilləri üçün əyləc bəndləri istehsal edilir, cari ildən etibarən isə orta çəkili yük avtomobilləri və avtobuslar üçün də sözügedən məhsulun istehsalına başlanılması nəzərdə tutulur.
İnvestisiya kapitalı 1,9 milyon manat təşkil edən müəssisədə 15 nəfər daimi işlə təmin edilib.
"Cənubi Qafqazda yeganə əyləc bəndi istehsal edilən müəssisədə xammal Çin və Özbəksitandan gətirilir. Yaxın vaxtlarda isə məhsul istehsalında yerli xammaldan istifadə edilməsi planlaşdırılır.
Hazırda əyləc bəndlərinin "Klass" brendi adı altında daxili bazara satışı həyata keçirilir, eyni zamanda İraq, Qazaxıstan və s. ölkələrə də ixracı istiqamətində danışıqlar aparılır", - məlumatda qeyd edilib.