...

Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2025 19:19 (UTC +04:00)
Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın xarici siyasəti və ictimai diplomatiya” mövzusuna həsr olunub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Azərbaycan Respublikasının Avstriya və Sloveniya Respublikalarında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının ATƏT və BMT-nin Vyana şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.

Paneldə diaspor gənclərinə müasir Azərbaycanın xarici siyasət strategiyası, balanslaşdırılmış yanaşma, beynəlxalq hüquqa sadiqlik və ictimai diplomatiyanın artan rolu barədə müfəssəl məlumat verilib. Bildirilib ki, beynəlxalq münasibətlər sistemində, diplomatik müstəvilərdə uğur qazanan ölkəmizin yeni nəsil diasporu müasir səriştələrə yiyələnməli və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirak etməlidir. Diplomatlar yeni dünya düzənində ictimai diplomatiyanın xüsusi rolunu vurğulayıb və gənclərə bu sahədə peşəkar biliklərə sahib olmanın mexanizmləri barədə tövsiyələrini çatdırıblar. Panel qarşılıqlı fikir mübadiləsi aparılması və soydaşlarımızın suallarının cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti