Bakı. Trend:
Yeniyetmə oğlan və qız boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, hazırlıq Bakı Boks Mərkəzində keçirilir.
Bildirilib ki, toplanışa ölkənin ən güclüləri cəlb olunublar. Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.
Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət millimiz paytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışın növbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin baş məşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davam edəcək.
Qeyd edilib ki, toplanış ölkəmizdə keçiriləcək III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır.