Bakı. Trend:
2025-ci il avqustun 6-na keçən gecə Rusiya Ukraynanın Odessa vilayətində yerləşən və Ukraynaya təbii qazın şaxələndirilmiş marşrutla çatdırılmasını təmin edən qaz nəqli sistemi operatoruna məxsus kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib.
Trend xəbər verir ki, bu haqda Ukraynanın Energetika nazirliyi məlumat yayıb.
“Bu kompressor stansiyası Yunanıstanın LNG terminallarını Transbalkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrutun tərkib hissəsi idi və bu marşrutla artıq ABŞ-dan LNG və sınaq həcmlərində Azərbaycan qazı tədarük olunmuşdu”, – nazirlikdən bildirilib.
Həmçinin, avqustun 6-na keçən gecə göstərilən tədarükləri təmin edən avadanlıq onlarla zərbəçi PUA-sı tərəfindən hücuma məruz qalıb.
Nazirliyin bəyanatına görə, bu hücumlarla Rusiya Federasiyası sırf mülki infrastruktur obyektinə, konkret olaraq enerji sektoruna və eyni zamanda Azərbaycan, ABŞ və Avropa tərəfdaşları ilə münasibətlərə qarşı yönəlmiş zərbə endirib.
Qeyd olunur ki, hücumun nəticələrinin müəyyənləşdirilməsi üçün ərazidə mütəxəssislər çalışır.
“Rusiyanın Transbalkan marşrutunun əsas kompressor stansiyasına PUA-larla həyata keçirdiyi kütləvi hücum onu göstərir ki, Moskva Avropanın enerji müstəqilliyini və alternativ qaz tədarük marşrutlarını məhv etmək üçün bütün mövcud vasitə və rıçaqlardan istifadə edəcək”, – Ukraynanın energetika naziri Svetlana Qrinçuk bildirib.