Bakı. Trend:
Avropa Komissiyası Türkmənistanın Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının mənbələrinin şaxələndirilməsi üzrə Aİ-nin səylərində rol oynaya biləcəyini təsdiqləyib.
Bunu Trend-ə Komissiyadan olan mənbə bildirib.
Alınan məlumata görə, Aİ ilə Türkmənistan arasında enerji əlaqələri 2008-ci ildə imzalanmış memorandum əsasında qurulub. Sənəd enerji təhlükəsizliyi, qarşılıqlı maraq doğuran infrastruktur, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı nəzərdə tutur. Təbii qaz üzrə müntəzəm dialoqu dəstəkləmək üçün ikitərəfli işçi qrup yaradılıb.
Komissiyadan bildiriblər ki, konkret infrastruktur layihələri üzrə qərarlar şirkətlər və milli qurumlar tərəfindən qəbul olunsa da, Türkmənistanın qaz ixracını artırmaq planları Cənub Qaz Dəhlizi vasitəsilə təchizatın şaxələndirilməsi çərçivəsində Aİ-nin məqsədlərinə çatmasına vasitəçilik edə bilər.
“2022-ci ildə işə salınmış “REPowerEU” planımız çərçivəsində siyasətimiz Rusiyanın enerji resurslarından imtina etməyə yönəlib. Belə ki, Rusiya enerjidən silah kimi istifadə edir və Ukraynaya qarşı genişmiqyaslı təcavüzkar müharibə aparır. 6 mayda Komissiya “REPowerEU” üzrə yol xəritəsini təqdim etdi ki, bu da Rusiya qazı, nefti və nüvə enerjisinin idxalından əlaqələndirilmiş, təhlükəsiz və mərhələli imtinanı nəzərdə tutur. İyun ayında isə biz qanunvericilik təklifi irəli sürdük. Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqləndikdən sonra bu təklif Rusiya qazının idxalına qadağa qoyacaq”, – deyə Komissiya nümayəndəsi bildirib.
Mənbə əlavə edib ki, Trans-Xəzər qaz kəməri və ya digər infrastruktur təşəbbüsləri ilə bağlı qərarlar Türkmənistanın, özəl investorların və regional tərəfdaşların səlahiyyətində qalır. Bundan əlavə, mövcud qaydalara əsasən, Aİ artıq beynəlxalq qalıq enerji layihələrinə büdcə vəsaiti yatırmaq imkanına malik deyil.