Bakı. Trend:
bp Qusar rayonunun Avaran kəndində həyata keçirdiyi su təchizatı layihəsinin birinci mərhələsinin uğurla başa çatdığını məmnuniyyətlə elan edir.
Layihə bp-nin Azərbaycanda kənd icmalarında su şəraitini yaxşılaşdırmaq məqsədilə hazırda həyata keçirdiyi genişmiqyaslı su təchizatı proqramının bir hissəsidir. Bu proqram bp-nin qlobal məqsədi olan su qıtlığı yaşanan ərazilərdə özünün təmiz sudan xalis istifadəsini azaltmaq öhdəliyinə uyğundur. Şirkət bu məqsədə həm öz əməliyyatlarında sudan daha səmərəli istifadə etməklə, həm də digər tərəflərlə əməkdaşlıqda təmiz su ehtiyatlarının bərpası vasitəsilə nail olmağı planlaşdırır.
Avaran kənd icması üçün nəzərdə tutulmuş layihə çərçivəsində Qusar rayonunun Avaran kəndində 10,000 m³ tutuma malik membranla örtülmüş yeni su anbarı və 2,000 m³ tutumlu çöküntünün ayrılması hovuzu inşa olunub.
Layihəyə həmçinin yaxınlıqdakı Cəgər Cibir su kanalından suyu yeni tikilmiş anbara daşıyan 1.4 km uzunluğunda yeni boru xəttinin çəkilməsi daxildir. Yeni su təchizatı sisteminin tam və səmərəli işləməsi üçün lazım olan bütün digər infrastruktur da qurulub. Bura nasos və filtrasiya stansiyaları, su çənləri və layihədən faydalanacaq 125 ailənin yeni sistemə borular vasitəsilə birbaşa qoşulması daxildir.
Layihənin uğurla başa çatması münasibətilə Avaran kəndində keçirilən tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:
“Avaran kənd icmasının yeni yaradılmış su təchizatı sistemi vasitəsilə təmiz suya birbaşa çıxış əldə etməsinə dəstək verməkdən məmnunuq. Bu təşəbbüs kənd icmalarında su şəraitinin yaxşılaşdırılmasına yönəlmiş daha geniş öhdəliyimizin bir hissəsidir. Bu gün qeyd etdiyimiz layihə yerli icmalara və ekosistemlərə əhəmiyyətli faydalar gətirməklə bu öhdəliyimizin əhəmiyyətini bir daha vurğulayır.
Layihənin birinci mərhələsinin uğurundan ruhlanaraq, indi ikinci mərhələdən də uğurlu nəticələr əldə etməyə ümid edirik. Yeni mərhələdə daha 263 ailə təmiz su ilə təmin ediləcək. Hazırda ikinci mərhələ çərçivəsində işlər davam edir və bu mərhələnin 2025-ci ilin sonuna tam istifadəyə verilməsi planlaşdırılır.”
Ümumi dəyəri 810390 AZN (476700 ABŞ dolları) olan bu layihə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilib.