...

Prezident İlham Əliyevin AMEA-da səsləndirdiyi çağırışlar Azərbaycan dilinin mənəvi irsimizin daşıyıcısı olduğunu göstərir – Sədr

Cəmiyyət Materials 8 Dekabr 2025 11:19 (UTC +04:00)
Prezident İlham Əliyevin AMEA-da səsləndirdiyi çağırışlar Azərbaycan dilinin mənəvi irsimizin daşıyıcısı olduğunu göstərir – Sədr
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dili bu gün inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni tələblər qoyur. Dünya dəyişir, yeni texnologiyalar icad olunur və dilimizin həm qorunması, həm də modernləşdirilməsi üçün sistemli yanaşmaya ehtiyac yaranır.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

Spiker bildirib ki, Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır:

“Bu vəzifələri şərti olaraq bir neçə əsas çağırışlar kimi sadalamaq istərdim: bu dilin saflığının qorunmasıdır, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiyasıdır, terminologiyaların elmi əsaslarla yenilənməsidir və s.

Bütün bu çağırışların təhlili onu göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi cəhətdən əsaslandırılmış bir yanaşma tələb edir. Odur ki, gələcək dil siyasətinin strateji istiqamətlərini müəyyən etmək ən vacib vəzifələrdən biridir”.

Sədr vurğulayıb ki, dil siyasətinin yeni mərhələsindən danışarkən qarşıya qoyulan əsas hədəflər arasında aşağıdakılar prioritet təşkil edir:

  • Təhsildə müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi;
  • Mediada və ictimai məkanda ədəbi dil normalarına əməl olunmasının gücləndirilməsi;
  • Terminologiyanın geniş elmi bazada eyniləşdirilməsi və yenilənməsi;
  • Azərbaycan dilinin dünya elmi və mədəni məkanında nüfuzunun artırılması;
  • Azərbaycan dilinin rəqəmsal və texnoloji platformalarda tam funksional tətbiqi;
  • Süni intellekt sistemlərinə dilimizin inteqrasiya səviyyəsinin yüksəldilməsi və s.

Bu məqsədlərin hər birinin əldə edilməsi təkcə dilimiz üçün deyil, ümumən dövlətçiliyimiz üçün strateji əhəmiyyət daşıyır”.

Milli Məclisin sədri əlavə edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini dövlət müstəqilliyinin əsas atributu kimi müəyyənləşdirib və dil siyasətini dövlət ideologiyasının ayrılmaz tərkib hissəsinə çevirdi. Prezident İlham Əliyev bu strateji xətti daha geniş, innovativ və müasir bir mərhələyə aparır.

“Onun Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında səsləndirdiyi çağırışlar bir daha göstərir ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, bu dil bizim milli yaddaşımızın aynasıdır, mənəvi irsimizin daşıyıcısı, dövlətçilik təfəkkürümüzün formalaşdığı bir məkandır.”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti