Bakı. Trend:
Məlumatları süni intellekt modellərinə ötürməklə, sistem çox yüksək dəqiqliklə müəyyən edə bilir ki, ölkənin istənilən ərazisində ağacların kəsilməsi baş verib, yoxsa yox. Bu məlumat əldə olunduqdan sonra bizim yeganə işimiz həmin dəyişikliklərin səbəbini müəyyənləşdirmək olur.
Trend xəbər verir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, əvvəllər bu cür məlumatları analiz etmək üçün saatlarla, günlərlə, bəzən hətta həftələrlə görüntülərə baxmaq lazım olurdu:
“Lakin hazırda işlək süni intellekt modelləri sayəsində istər su hövzələri ilə bağlı, istər meşələrin qırılması ilə bağlı bütün bu dəyişiklikləri sadəcə 1–2 dəqiqə ərzində dəqiq müəyyənləşdirmək mümkündür”.
