Bakı. Trend:
Bu konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyən etməkdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
Spiker bildirib ki, dilimiz bizim tarixi yaddaşımız, dövlətçiliyimizin təməli, milli mənəviyyatımızın özəyidir:
“Dil siyasətinin hüquqi və institusional bazasını gücləndirən əsas orqan Milli Məclisdir. Dilimizin qorunması və inkişafı ilə bağlı qəbul edilən qanunlar, qərarlar və proqramlar məhz parlamentin fəal iştirakı ilə gerçəkləşir.
Dil məsələsi təkcə dövlət orqanlarının deyil, bütün cəmiyyətin üzərinə düşən milli məsuliyyətdir. Bu prosesdə parlamentin də öz missiyası var. Çünki qanunvericilik təşəbbüsləri, dilin təhsil proqramlarına inteqrasiyası, elmi terminologiyanın yenilənməsi kimi məsələlər Milli Məclisin daim diqqət mərkəzindədir və parlamentin dəstəyi strateji qərarların ardıcıl və uğurlu şəkildə həyata keçirilməsini təmin edir”.
Sədr vurğulayıb ki, Azərbaycan dilinin inkişafı məsələsi həmişə dövlət düşüncəmizin mərkəzində dayanıb:
“Dövlət dili haqqında” Qanun və digər normativ hüquqi aktlar dilimizin idarəetmə, təhsil, elm və informasiya məkanında praktiki tətbiqini təmin edən vacib mexanizmlər yaradıb. Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı və onun müasir texnologiyalara inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır”.
