...

Milli Məclisin sədri İran XİN rəhbəri ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib (FOTO)

Siyasət Materials 8 Dekabr 2025 19:30 (UTC +04:00)
Milli Məclisin sədri İran XİN rəhbəri ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, söhbət zamanı diqqətə çatdırılıb ki, cari ildə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərləri, eləcə də digər yüksək səviyyəli qarşılıqlı səfər və görüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir və ölkələrarası əməkdaşlıq gündəliyinin xeyli zəngin olmasını göstərir.

Qeyd olunub ki, ölkələrimiz arasında həm siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və həyata keçirilən birgə layihələr böyük əhəmiyyət kəsb edir.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi qanunverici orqanlarımız arasında əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Sahibə Qafarova İran İslam Respublikasına səfərini məmnuniyyətlə xatırladaraq, səfər zamanı keçirilən görüşlərin parlamentlərimiz arasında münasibətlərə müsbət töhfə verdiyini bildirib.

Milli Məclisin sədri həm ikitərəfli əsasda, həm də Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi mötəbər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsi üzrə birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Bu mənada, parlamentlərdə fəaliyyət göstərən işçi qrupların rolunun gücləndirilməsinin vacibliyi də qeyd olunub.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında sıx siyasi dialoqun olduğunu bildirdi. Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşərək, görüşün səmimi və konstruktiv mühitdə keçirildiyini qeyd edib. O, yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirərək, iki xalq arasında, həmçinin qanunverici orqanlar arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti