Bakı. Trend:
Süni intellektin sürətli inkişafı dünyaya və ekologiyaya mənfi təsir göstərir.
Trend xəbər verir ki, bunu bu gün elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, süni intellekt üçün data mərkəzlərin sayı artmaqdadır:
“2012-ci ildə dünyada cəmi 500 min mərkəz var idi ki, hazırda onların sayı 8 milyonu keçir. Bunun da ekologiyaya mənfi təsiri var. Birincisi, bu mərkəzlər enerji istifadə edir. İrlandiyada 2026-cı ildə istifadə olunan enerjinin 35 faizi data mərkəzlərinə sərf ediləcək. 2 kq kompüter üçün 800 kq xammal tələb olunur. Eyni zamanda xüsusi elementlə istifadə olunur. Bunlar gələcəkdə ekologiyaya mənfi təsir edəcək”.
O bildirib ki, Nazirliyin əsas vəzifəsi bu sahədə kadrların hazırlanmasıdır:
“Həmçinin, digər vəzifəmiz müvafiq elmi araşdırmaların aparılmasıdır. Biz məktəblərdə uşaqların süni intellekt sahəsində məlumatlı olmağı ilə bağlı layihələr həyata keçiririk. Bizim ekoloji məktəblərimiz də var ki, orada uşaqlar məsələ ilə bağlı əsas məlumatları əldə edirlər”.
