Bakı. Trend:
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini nəzərə alaraq, MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən 8 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Parlamentinin 107 illiyinə həsr olunmuş “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzüsunda Beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının nümayəndələri, MDB-nin bir sıra üzv dövlətlərinin parlament nümayəndə heyətləri, MDB PA Şurası Katibliyinin rəhbər heyəti, Azərbaycan Respublikasındakı bir sıra səfirliklərin nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, Mərkəzi Seçki Komissiyasının, müxtəlif nazirlik və dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev filialın əməkdaşları və ekspertləri tərəfindən aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq hazırlanmış nəşrlər barədə məlumat verib. Bildirib ki, nəşrlər Ümummilli lider Heydər Əliyevin ölkədə konstitusionalizm və parlamentarizmin formalaşmasında və inkişafında tarixi rolunun və çoxşaxəli xidmətlərinin hərtərəfli və sistemli təhlilinə həsr olunub. R.Rzayev həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə olunmuş mühüm nailiyyətlər, eləcə də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi Ulu öndər Heydər Əliyevin uzaqgörən strateji xəttinin ardıcıl və uğurlu şəkildə davam etdirilməsinin bariz göstəricisidir.
MDB Parlamentlərarası Assambleyası Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov tədbir iştirakçılarına MDB PA Şurası Katibliyinin rəhbəri – Baş katib Dmitri Arkadyeviç Kobitskinin adından salamlama nitqini çatdırmışdır. O, konfransın təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Milli Məclisinə və MDB PA Şurası Katibliyinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən millət vəkilləri Nizami Səfərov və Göydəniz Qəhrəmanov Azərbaycanda parlamentarizm ənənələrinin inkişafının, konstitusionalizmin nəzəri və praktiki aspektlərinin dərindən öyrənilməsinin dövlətçilik quruculuğunun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xususi qeyd ediblər.
MDB PA DİMBİ-nin direktor müavini Yelena Yeremenko çıxışında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə bir tədbirin keçirilməsinin aktuallığını qeyd etmiş və konfransda fəal iştiraklarına görə iştirakçılara öz təşəkkürünü bildirib.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının ölkənin hüquq yaradıcılığı sistemində əsas hüquqi baza rolunu oynadığını, eləcə də Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolunu xüsusilə vurğulayıblar
Tədbirin sonunda carı ilin noyabr ayında keçirilmiş “Dünya ölkələrinin seçki sistemləri” VI Beynəlxalq tələbə internet-olimpiadasının qalibləri mükafatlandırılıblar.
Sonda konfrans iştirakçılarına MDB PA DİMBİ Bakı filialı və ekspertləri tərəfindən hazırlanmış, Azərbaycan Respublikasının Konstitusiyası və Parlamentinin tarixini əks etdirən “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin banisi” və “Azərbaycan Respublikasında parlamentarizmin formalaşması: tarix və müasirlik” adlı kitablar təqdim edilib.
