Bakı. Trend:
Xüsusi icra məmurunun əlavə icra haqqının hesablanması meyarları və hədləri təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Qərar xüsusi icra məmurlarının əlavə icra haqqının hesablanması meyarlarını və hədlərini müəyyən edəcək.
Əlavə icra haqqı könüllüdür, tələbkarla və xüsusi icra məmurunun qarşılıqlı razılığına əsasən yalnız icranın tam və ya qismən təmin olunması halında ödəniləcək.
Xüsusi icra məmurunun əlavə icra haqqının ödənilməsi şərtləri icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında yazılı razılıqla müəyyən olunacaq.
Pul tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı xüsusi icra məmuru tərəfindən ödənilməsi təmin edilmiş məbləğin 15 faizinədək müəyyən edilə biləcək.
Aliment və digər vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrə əlavə icra haqqı aşağıdakı kimi müəyyən edilə biləcək:
- tələb müntəzəm icra edilirsə, hər ay üçün aylıq aliment və ya digər vaxtaşırı ödəmə məbləğinin 2 faizinədək – ildə bir dəfə;
- tələb qeyri-müntəzəm ödənilmiş və borc yaranmışdırsa, ödətdirilmiş borc məbləğinin 5 faizinədək.
Əmlak tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı 10.000 manatadək müəyyən edilə bilər.
Pul tələbi olmayan icra sənədləri üzrə əlavə icra haqqı aşağıdakı kimi müəyyən edilə biləcək:
- müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair işlər üzrə – 2.000 manatadək;
- hüquqların tanınması, pay bölgüsü və hüquqlara xitam verilməsi tələblərinə dair işlər üzrə – 400 manatadək;
- tikilinin sökülməsi, bərpası, yolun açılması və maneələrin aradan qaldırılması tələblərinə dair işlər üzrə – 4.000 manatadək;
- şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə – 800 manatadək;
- müxtəlif predmetli barışıq sazişlərinin icrası (pul tələbi olmayan) – 2.000 manatadək;
- öhdəliyin icrası, öhdəlikdən azad olunma və borcun silinməsi tələblərinə dair işlər üzrə – 4.000 manatadək;
- işə bərpa (məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbi olmadan) tələbinə dair işlər üzrə – 1000 manatadək;
- hüquqi sənədlərin ləğvi, etibarsız hesab edilməsi tələblərinə dair işlər üzrə – 400 manatadək;
- çıxarılma və ya köçürülmə ilə əlaqədar olmayan, habelə bu Sənədin 7.3-cü bəndi ilə əhatə olunmayan torpaq mübahisələri üzrə – 2.000 manatadək;
- digər kateqoriya tələblərə dair işlər üzrə – 2.000 manatadək.
