Bakı. Trend:
Braziliyada iki silahlı cinayətkar San-Paulunun mərkəzində yerləşən Mario de Andrade adına kitabxanaya daxil olaraq, fransız rəssam Anri Matiss və braziliyalı rəssam Kandido Portinarinin ən azı 13 qravürünü oğurlayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Ekspozisiyada nümayiş etdirilən əsərlər sığortalanmışdı, sərginin keçirildiyi məkanda mühafizə xidməti və videomüşahidə sistemi mövcud idi. Hazırda araşdırma üçün faydalı ola biləcək bütün materiallar polisə təqdim olunur”, – deyə ölkənin Mədəniyyət və Bədii İqtisadiyyatı Katibliyinin bəyanatında qeyd olunub.
Məlumata görə, oğurlanan əsərlər Anri Matissə məxsus səkkiz qravür və Kandido Portinarinin beş qravürüdür. Bu əsərlər San-Paulu Müasir İncəsənət Muzeyi ilə birgə təşkil olunan “Kitabdan muzeyə” adlı sərginin bir hissəsi olub.
Hüquq-mühafizə orqanları şübhəlilərin şəxsiyyətini müəyyən edib və hazırda Braziliya polisi cinayətkarların axtarışı ilə məşğuldur.
