Bakı. Trend:
“Azərişıq” çərçivəsində təsərrüfat subyektləri səviyyəsində kommunal xidmətlərin Vahid İnformasiya Sistemi qurulmaqdadır. Bu sistem ilkin layihəsi artıq hazırdır. Hədəf modelinin 2029-cu ildə tam istifadəyə verilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu bu gün energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini xatırladıb ki, Vahid Elektrik Doldurma Xidməti Platforması da artıq yaradılıb və fəaliyyət göstərir:
“Hazırda "Azərenerji"nin 143 obyekti Skada sistemi ilə rəqəmsal şəbəkəyə qoşulub. Bunlara 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyaları, 1-i günəş elektrik stansiyası, eləcə də 110, 220, 330 və 500 kilovoltluq yarımstansiyalar daxildir.
Bundan əlavə, 40-a yaxın sistemdə mikro-Skada yaradılıb və ana sistemə makro-Skada vasitəsilə inteqrasiya olunub. Nəticədə, son 5 il ərzində fiberoptik kabel məsafəsi 850 km-dən 5000 km-ə qədər artırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları artıq tamamilə Skada sisteminə qoşulub və yaşıl enerji zonası hədəfi çərçivəsində bu istiqamətdə fəaliyyət davam edir”.
